Delta Telecom →  Rahid ƏLƏKBƏRLİ: “Azərbaycan regionun şəbəkə texnologiyaları üzrə lider ölkəsidir”

Press-reliz: Bu gün dünyada informasiya və kommunikasiya texnologiyalarına böyük önəm verilir. İlbəil bu sahə daha da sürətli inkişaf tempini nümayiş etdirir. Bununla yanaşı məlumat ötürülmə texnologiyası olan internet inkişaf etməkdədir, hansı ki son illər Yer kürəsinin informasiya qişasına çevrilmişdir.

İnternet istifadəçilərin sayı ildən ilə sürətlə artır, bu da onu deməyə imkan yaradır ki, Yer kürəsinin əksəriyyət əhalisi gec-tez internet istifadəçisinə çevriləcək. Qlobal şəbəkənin saxlanılması, onun işləmə qabiliyyətinin qorunması bir çox şirkətin səyini tələb edir.
Bütün dünyada olduğu kimi, Azərbaycanda da internet şəbəkəsinə qoşulma imkanı yaradan, internet xidmətləri göstərən şirkətlər fəaliyyət göstərir. Azərbaycan internet seqmenti durumu və gələcək perspektivləri barədə Delta Telecom şirkətinin texniki direktoru Rahid Ələkbərli bəhs edir.

Rahid müəllim, Azərbaycanda İKT-nın inkişafını necə qiymətləndirirsiniz?

Azərbaycanda informasiya və kommunikasiya texnologiyaların inkişafında kifayət qədər irəliləyişlər var. Bu gün qonşu ölkələrlə müqayisədə, Azərbaycanın inkişaf dinamikası təkcə “Elektron Azərbaycan” istiqamətində deyil, demək olar ki, iqtisadiyyatın bir sıra paralel sektorlarında yüksək tempə malikdir. Azərbaycanda elektron ticarətin, gömrüyün, verginin və bu kimi digər sahələrin də inkişafında irəliləyişlər mövcuddur.

Bu gün Azərbaycan regionun şəbəkə texnologiyaları üzrə lider ölkəsidir. Hazırda qonşu ölkələr Azərbaycanın resurslarının və şəbəkə texnologiyalarında yaradılmış resursların yalnız 10 faizdən az olan hissəsini istifadə edə bilirlər. Bu onlarda Azərbaycan resurslarına olan ehtiyac duyulmadığından irəli gələn faktor deyil. Sadəcə olaraq bu ölkələr bizim şəbəkə resurslarımızı 10 faizini belə yükləyə bilmirlər.

Azərbaycanda bu il həyata keçirilmiş bir sıra layihələr, təkcə şəbəkə texnologiyaların deyil, həmçinin İKT-nın digər sahələrinin inkişafına da böyük təkan verəcək. Belə ki, informasiya və kommunikasiya texnologiyaları deyəndə ən birinci göz önünə gələn internet resursları olur: açdığımız Web-səhifələr, istifadə etdiyimiz Web-portallar və s. Azərbaycanda olan informasiya resurslarının inkişafına gəldikdə, qeyd etmək istərdim ki, ölkə resurslarının 90-95 faizi bu günədək beynəlxalq resurslarda yerləşmişdir. Bu təbii ki, şəbəkə resurslarını kifayət qədər yük altında qoyurdu. Bizim bu sahədə qarşımızda olan layihələr, hansı ki, bu il bu işin ən böyük hissəsi artıq həyata keçirilmişik, bu resursların Azərbaycanda yerləşdirilməsidir. Biz istərdik ki, Azərbaycanda mövcud olan sənaye məhsullarının ixrac dinamikası, İKT sahəsində də öz əksini tapsın. Artıq bu gün şəbəkə texnologiyalarında ixracımız kifayət qədər artmışdır. Web-resursların artırılması bizim qarşımızda olan önəmli məqsədlərdən biridir. Hal hazırda ixracdan öncə bir pillə daha var, hansını ki keçməmiş ixrac siyasəti aparmaq barədə söhbət gedə bilməz. Bu bizim özümüzə lazım olan Web-resursların idxal edilməməyidir. Yəni biz gərək öncə öz kontentərimizi, Web-resurslarımızı ölkədə yaradaq ki, onları idxal etməyək. Bu ilk növbədə beynəlxalq resursların istifadəsində kifayət qədər qənaətə təkan verəcək.

Digər tərəfdən Azərbaycanın Web-resurslarını ölkədə saxlanması və buradan istifadəçilərə çatdırılması ilə paralel olaraq biz gərək xarici resursların özümüzdə saxlanıb bizdən ixrac olunması siyasətini həyata keçirək. Bizdə yenicə qurulmuş data mərkəzində, kifayət qədər dinamik saytların yerləşdirilməsi üçün şərait yaradılmışdır. Bu istiqamətdə bizim həyata keçirdiyimiz siyasət Azərbaycan internetinin inkişafı üçün istiqamətlənmiş bir siyasətdir. Pulsuz adlandırdığımız bu internet xidməti, son istifadəçilər tərəfindən aktiv, və daha çox maraqlı saytların yaradılmasına böyük təkan verəcək. Hesab edirəm ki, data mərkəz internetin inkişafı üçün kifayət qədər dinamik təkan verməlidir.

“Elektron Azərbaycan” dövlət layihəsinin ikinci mərhələsindən nə gözləyirsiniz?

Ümumiyyətlə bizim həyata keçirdiyimiz layihələrin böyük əksəriyyəti Azərbaycanda İKT-nın inkişafına təkan verəcək layihələrdir. Təbii olaraq, İKT-nın inkişaf etdirilməsi əhalimizin, hər bir vətəndaşımızın İKT-nı daha rahat istifadəsinə şərait yaradır. Bizim regionda İKT-nın inkişafı məqsədilə həyata keçirdiyimiz layihə peyk rabitə şəbəkəsinin yaradılması olmuşdur, hansı ki 2000-ci ildən bu günədək əlçatmaz bölgələrdə rabitə texnologiyalarını çatdırılmasını həyata keçirir. Məhz peyk rabitə şəbəkəsi vasitəsi ilə yüzlərlə ucqar kəndlərdə telefoniya xidməti göstərilir.

“Elektron Azərbaycan”-nın inkişaf etdirilməsi sahəsində qazanacağımız şey, dövlətdə gedən bütün proseslərin, şəffaflığın təmin olunmasıdır. “Elektron Azərbaycan”-nın əsas məğzi də odur ki, hər bir işçi öz vəzifəsinin icrasında ölkəmizə nə qədər səmərə verdiyini, əhaliyə xidmət göstərilməsindəki şəffaflığının nümayişidir. Digər tərəfdən, Azərbaycanda bank maliyyə, rabitə və informasiya və kommunikasiya texnologiyaları sahəsində, dövlət şəbəkələrinin yaradılmasında bu il çox yeniliklər olub. Bu gün Azərbaycanda bir sıra dövlət təşkilatları şəbəkə texnologiyalarından istifadə edir bu da “Elektron Azərbaycan”-nın əsas göstəricisidir. Şəbəkə texnologiyaların, yeni texnologiyalar əsasında yaradılması bu gün “Elektron Azərbaycan”-ın qurulmasında verəcəyi ən böyük təkandır. Məhz belə təkan verici qüvvə DWDM şəbəkəsidir, hansı ki bu gün bir saniyədə terrabitlərlə informasiyanın daşınmasına imkan yaradır. Bu texnologiya bir saniyədə 40-a yaxın DVD video formatlı informasiyanın ötürülməsinə imkan yaradır. Bu qabaqcıl texnologiyalar bizə “Elektron Azərbaycan” layihəsində sadəcə olaraq kiçik resurslar tələb edən proseslər deyil, həmçinin video nəzarət, elektron səhiyyə və sairə bu kimi layihələri də həyata keçirilməsinə şərait yaratmağa imkan verir.

Ölkədə internet xidmətlərinin inkişafında Delta Telecom son illər davamlı olaraq fəaliyyət göstərir. Yaxın il ərzində bu istiqamətdə hansı işlərin görülməsi planlaşdırılır?

Bildiyiniz kimi, biz bu gün Azərbaycanda informasiya resurslarının əsas ötürücü hissəsini həyata keçiririk. Bu istiqamətdə bizim həyata keçirdiyimiz layihələr, bilavasitə beynəlxalq resursların daşınmasına sərf olunmuşdur. Azərbaycanda beynəlxalq resursların inkişafı hal hazırda son istifadəçilərin istifadə etdiyi internet resursların inkişafından beş dəfə irəlidədir. Bu da çox yaxşı göstəricidir ki, Azərbaycanda bu gün beynəlxalq resursların həcmi saniyədə 30 Qbitə çatmışdır. Amma istifadəçilərin bu beynəlxalq magistraldan yüklədiyi informasiya həcmi 20 faizə çatmır.

Hal hazırda Azərbaycanda 2009-cu ilin statistikasına baxdıqda genişzolaqlı internet istifadəçilərin sayında kifayət qədər inkişaf dinamikası yaranmışdır. Bu, əlbəttə ki, inkişafın olduğundan xəbər verir, amma digər tərəfdən, əldə edilmiş resurslardan istifadənin sadəcə olaraq 2 dəfə artırılması, verilmiş imkanlardan kifayət qədər istifadə edilməməyi deməkdir. Çünki bu rəqəm daha yüksək ola bilərdi. Bu gün artıq hər bir Azərbaycan istifadəçisi dial-up texnologiyalardan birdəfəlik əl çəkməlidir. Bizim il ərzində internetin inkişafı üçün apardığımız işlər təkcə beynəlxalq magistralın inkişafı üzrə deyil, eləcədə son istifadəçi bazarın da inkişaf etdirilməsinə yönəlmişdir. Belə ki, biz 2010-cu ilin yanvar ayının 1-dən etibarən genişzolaqlı internet xidmətlərini istifadəyə verməyi planlaşdırırıq. Bizim təqdim edəcəyimiz genişzolaqlı internet xidməti hazırkı istifadə olunan xidmətlərdən ən böyük fərqi, mis infrastrukturundan asılı olmamağıdır. Söhbət simsiz texnologiyalarla işləyən Mobil WiMAX şəbəkəsindən gedir. İlk növbədə bizim internet istifadəçilərinə göstərdiyimiz xidmət onların bu xidmətin məkandan asılı olmayaraq istifadə edə bilməsidir. Digər özəlliyi odur ki, istifadəçilər 100 km. san. hərəkətdə olan nəqliyyat vasitəsində belə internet xidmətindən rahat istifadə edə biləcəklər. Şəbəkə üzərindən təxminən 20 faizdən çox tutumun əlavə olaraq son istifadəçiyə çatdırılma imkanı yaranacaq. Bu o deməkdir ki, beynəlxalq magistralda olan internet xidmətlərinin təxminən 1/5-ni biz bu texnologiya üzərində də son istifadəçiyə çatdıra biləcəyik.

Dünyada simsiz texnologiyalar davamlı inkişaf edir. İnternet xidmətlərin mobilləşməsi prosesi artıq nəinki bütün dünyada, o cümlədən Azərbaycanda da müşahidə olunmaqdadır. Yaxın 3-5 il ərzində simsiz internet simli interneti üstələyə biləcəkmi?

İlk növbədə onu qeyd etmək lazımdır ki, genişzolaqlı internet son istifadəçinin yüksək sürət ilə internet xidmətlərini istifadə etmək imkanıdır. Bu, əsasən internetin çıxış texnologiyalarından asılıdır. Qeyd etmək istərdim ki, bizim strategiyamızın əsas istiqaməti Azərbaycanda genişzolaqlı internet xidmətlərinin inkişaf etdirilməsidir. Ümumiyyətlə genişzolaqlı texnologiyalara baxdıqda, dünyada həm GSM şəbəkələrindən, həm mobil texnologiyalarla işləyən şəbəkə texnologiyalarından bəlli olur ki, son istifadəçilər mobilliyi daha çox sevirlər. Bildiyimiz kimi mis infrastrukturu əslində ötən əsrin texnologiyasıdır. FTTx adlanan optik resurlarla İnternetə çıxış texnologiyaların inkişaf etdirilməsinə daha çox ehtiyac duyulur. Burada ilk növbədə telefon xəttindən heç bir asılılığı olmayan bir şəbəkə yaranır. Amma bu texnologiya Azərbaycanda kifayət qədər inkişaf edə bilmir. Bu texnologiyanın inkişaf strategiyasına ən çox vurulan zərbə hər bir operator tərəfindən optik şəbəkə yaratma marağından irəli gəlir. Azərbaycanda bildiyiniz kimi dövlətin şəbəkə resurslarından sayılan kabel kanalizasiyaları var. Operatorlar öz kabelini daha keyfiyyətli və təhlükəsizlik baxımından gorunmuş olan bu kabel kanalizasiya vasitəsi ilə çəkməyə səy göstərirlər. Fərz edin ki, əgər hər bir operator bu gün bu texnologiya üzrə inkişafına başlasa, bu o deməkdir ki kabel kanalizasiya sisteminin diametri iki metrə bərabər olmalıdır. Ümumiyyətlə bu texnologiyanın daha effektli inkişafı üçün vahid optik şəbəkə provayderinin olması zəruridir, hansı ki digərlərinə optik resursları icarəyə versin. Bu ilk növbədə FTTx texnologiyaların inkişafına böyük təkan verər.

Simsiz texnologiyalar haqda danışarkən, texnologiya strategiyasından bir qədər məlumat vermək istərdim. Hal hazırda bizim üzərində işlədiyimiz 802.16e texnologiyası yəni Mobile WiMAX şəbəkəsinin gələcək nəsilləri sual altındadır. Bu suallara cavab tapmaq üçün dünyanın bütün operatorları onun strategiyası ilə maraqlanırlar. Biz Delta Telecom olaraq bu implementasiya etdiyimiz və istifadəyə verəcəyimiz şəbəkənin yeni nəslin gətirməsi üçün çox çalışırıq. Bildiyiniz kimi simsiz texnologiyaların paralel iki qol üzərində getdiyi müşahidə olunur. Yəni onlardan biri ənənəvi TDM texnologiyaları hansı ki onun üzərində hal hazırda bizim istifadə etdiyimiz GSM, 3G, HSDPA, 3GPP, adi GPRS xidməti və bunların növbəti nəsli kimi bu gün LTE texnologiyası göz önündədir. Hal hazırda Avropada LTE texnologiyasının mobil GSM operatorun bazasında olan şəbəkəsində artıq istifadəyə başlayıblar. Bu qola paralel olan ikinci bir qol var, hansı ki daima bu texnologiyalarla mübarizə aparır. Hal hazırda bizdə olan versiyası Mobil WiMAX şəbəkəsidir. Bu gün Mobil WiMAX-ın gələcək nəsil texnologiyaları var ki dünya üzrə götürsək bu texnologiyanın gələcəyi daha çox simsiz texnologiyalarının strategiyasını təyin edir. Azərbaycanda olan Mobil WiMAX şəbəkəsinin növbəti nəsil WiMAX texnologiyaları artıq bu qolun uzanmasına gətirib çıxarıb. Güman edirəm ki, bu qol son olaraq bütün internet və GSM şəbəkələrə mobil rabitə operatorların göstərdiyi xidmətlərin yaxınlaşdıracaq. Bəzi ekspertlərin rəyinə əsasən bu texnologiyalar birləşəcək. Amma hesab edirəm ki, LTE və növbəti nəsil WiMAX texnologiyasında yenə də paralel inkişaf edəcək. Söhbət təkcə radio bağlantıdan getmir və istifadəçilərin istifadə etdiyi son istifadəçi avadanlığının vasitəsi ilə GSM və İP şəbəkə operatoruna çıxış bütün məsələləri həll etmir. Burada əsas və ciddi məsələlərdən biri lokal magistral şəbəkəsinin yaradılmasıdır. Bu məsələdə LTE-nin üzərində kifayət qədər görüləcək işlər var, bu da təbii ki, bu qolun daha çox paralelləşməsini, bir biri ilə mübarizə etməklə davam etməsinə təzyiq göstərəcək. Digər tərəfdən maliyyə məsələləri də mövcuddur. İqtisadi böhran LTE-nin inkişaf xəttini dayandırmağa vadar edib və istifadəyə yönəldilməsi üçün istehsalçıları məcbur edib.

Sizin qurduğunuz şəbəkə istifadəçilərə hansı imkanları verəcəkdir?

Əsasən internet kütləsinin Bakıda yerləşdiyi üçün, biz bu işin daha sağlam və strateji gələcəyini zəmanət altına almaq məqsədi ilə ilkin olaraq Mobil WiMAX şəbəkəsini Bakı və Abşeron yarımadasında istifadəyə verməyi planlaşdırırıq. Əlbəttə bu o demək deyil ki, şəbəkə sadəcə burada işləyəcək. Yeni optimizasiya işlərinə artıq start verilib və Mobil WiMAX əhatə dairəsinin genişləndirilməsi, və əsasən də regionlara da bu xidmətlərin çıxarılması göz önündə dayanan layihələrdən biridir. Son istifadəçiyə gəldikdə, qurduğumuz bu şəbəkə onlara ilk növbədə rahat internet xidmətlərdən istifadə imkanını yaradacaq, digər tərəfdən bizim bu layihədə ən əsası iqtisadi dəyərləndirmə faktoru daha çox qabaracaq. Biz artıq istifadəçilər üçün 10 manatdan 100 manatadək olan paketlər sırası hazırlamışıq, hansılar ki, istifadəçilərə öz vəsaitlərini dəyərləndirməyə imkan yaradacaq. Yanvar ayının birindən etibarən www.wimax.az saytında həm paketlərin qiymətləri, istifadəçiyə təqdim olunan surətlər, istifadəçi avadanlığı barədə məlumatlar təqdim olunacaq. Xüsusilə qeyd etmək istərdim ki, istifadəçilər gözlədikləri ən yüksək keyfiyyətli internet xidməti əldə edə biləcəklər. Bu bizim layihənin ilkin mərhələsidir, belə ki, növbəti mərhələlərdə internet xidmətləri ilə paralel olaraq 2010-cu ilin ikinci rübündən digər xidmətlər də təqdim etməyi planlaşdırırıq. Onu da qeyd etmək istərdim ki, hər bir şəbəkənin ilkin istismar dövründə müəyyən çətinliklər olmalıdır. Bizim şəbəkədə ola biləcək çətinlikləri minimuma endirmişik. Ola biləcək hər hansı çətinliyə görə də maximum tədbirlər görülmüşdür. Ola biləcək çətinliklərin aradan qaldırılmasında son istifadəçilərin bizimlə əlaqə qurması, onlardan ala biləcəyimiz məlumatlar şəbəkəni, ümumilikdə istifadəçilərə verəcəyimiz xidmətlərin yüksək keyfiyyətinə tkan verəcək.

Əlbəttə bu xidməti təqdim etməklə digər provayderlərin işinə zərbə vurmaq məqsədi güdmürük. Bizim məqsədimiz onların da daha müasir texnologiyalarla xidmət göstərməsi üçün şərait yaratmaqdır. Hal hazırda biz provayderlərlə bu xidmətin onların vasitəsi ilə də həyata keçirmək imkanlarını müzakirə edirik. Təbii ki, burada struktur belə yaradılıb ki, son istifadəçi həm bizdən, eləcədə bu günədək xidmətlərindən istifadə etdikləri internet provayderdən həmin xidmətləri eyni şərtlərlə, eyni keyfiyyətlə əldə edə bilsin. Mobil WiMAX şəbəkəsi eləcədə provayderlərin regionlara çıxışına imkan yaradacaq.

Hüseyn Vəliyev
Paylaş :
  • 0
  • 28 декабря 2009, 12:19
  • Weboxu

Şərhlər (0)

RSS yığmaq / açmaq

Yalnız üzvlər şərh yaza bilər. Şərh yaza bilmək üçün daxil olun və ya acebook hesabınızdan istifadə edin.