BakuTel → #Bakutel 2011 başa çatdı

Budur, 17-ci Azərbaycan beynəlxalq “Telekommunikasiyalar və informasiya texnologiyaları” (“”) sərgi və konfransı artıq sona yaxınlaşır. Ən geniş miqyaslı, ən populyar və sərgilərin ziyarət edilməsi üzrə statistik göstəricilər baxımından ən kütləvi tədbirlərdən biri — “BakuTel” sərgisi 2011-ci ilin sərgi mövsümünü bağlayır.
“BakuTel” – İKT sahəsində baş verən ən parlaq və mühüm yenilikləri ictimaiyyətə nümayiş etdirən və daim maraqlı və dolğun keçən bir sərgidir. Bu, sözün əsl mənasında öz pəncərələrini gələcəyə açan və yaşadığımız dünyanın informasiya texnologiyalarının təsiri altında necə dəyişəcəyinə nəzər salmağa imkan verən bir hadisədir. Hər il müxtəlif ölkələrdən yüzlərlə şirkət bu tədbirə toplaşaraq təcrübə mübadiləsi aparmaq, aktual məsələləri müzakirə etmək, əlaqələr qurmaq və gələcək əməkdaşlığın əsasını qoymaq imkanına malik olur.
Daim təkmilləşən və inkişaf edən “BakuTel” sərgisi ildən-ilə daha böyük nüfuz qazanır və Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev sərgi iştirakçılarına ünvanladığı müraciətdə bu faktı qeyd etdi. Ənənəvi olaraq həm bu sahəyə, həm də regionun ən iri İKT sərgisinə maraq göstərən dövlət başçısı yerli və beynəlxalq səviyyəli aparıcı şirkətlərin stendlərinə baş çəkdi. Burada ona ölkənin aparıcı operatorları tərəfindən təklif olunan 3G və 4G xidmətləri haqqında ətraflı məlumat verildi və ölkə prezidenti Avropa və Asiyanı birləşdirən EPEG kabel marşrutunun da daxil olduğu bir sıra iri infrastruktur layihələri ilə tanış oldu. Həmçinin, ölkə prezidentinə informasiya məzmunu üzrə dünya nəhəngləri tərəfindən regional serverlərin yerləşdirilməsi üçün seçilmiş iri DATA mərkəzinin Bakıdakı inşası barədə məlumat verildi və elektron təhsil xidmətləri, elektron imza, elektron bankçılıq və bir sıra digər məhsul və xidmətlər nümayiş etdirildi. Prezident sərgidə iştirak edən ölkələrin milli stendlərinə də baş çəkdi və burada ona bu ölkələrin Azərbaycanla əməkdaşlığına dair layihə və planlardan danışıldı.
Şəbəkə iqtisadiyyatının və istehsal olunan informasiya texnologiyalarının dövlətlərin iqtisadi strukturunda daha da nəzərəçarpan olduğu və mühüm əhəmiyyət kəsb etdiyi müasir dünyada İKT ilə bağlı ən yeni ixtiraların nümayiş etdirilməsi və populyarlaşdırılmasında, eləcə də əhalinin sözügedən sahə üzrə yeniliklər haqqında məlumatlandırılmasında bu sərginin rolu şübhəsiz ki, getdikcə artır. “BakuTel” sərgisi bu vəzifənin öhdəsindən tam gəlməyə müvəffəq oldu və sahənin aparıcı mütəxəssislərinin görüşləri, müxtəlif seminar və təqdimat mərasimləri ilə bol olan işgüzar sərgi proqramı və sərgi çərçivəsində keçirilən telekommunikasiyalar və informasiya texnologiyaları üzrə beynəlxalq konfrans bu gün ölkə iqtisadiyyatının qeyri-neft sektorları arasında ən prioritet sahəyə çevrilmiş İKT sektorunun Azərbaycanda nə qədər sürətlə inkişaf etdiyini əyani şəkildə nümayiş etdirdi.
Hazırkı sərgi miqyas baxımından ötəni il keçirilmiş sərgidən iki dəfə böyük idi və bu da İKT sahəsinin inkişafını və ona olan tələbatı əyani şəkildə sübut edir. Hər iki sərgi pavilyonunda nəqliyyat, təhsil, bank işi, teleradio yayımı və həyatımızın digər, ən müxtəlif sahələrində istifadə üçün nəzərdə tutulmuş bir çox innovasiyalar nümayiş etdirildi.
Sərginin “Smart Zone” adlı xüsusi layihəsi isə mütəxəssislərin diqqətini cəlb etməyə bilməzdi. Burada gənc və perspektivli insanlara İKT sahəsində öz layihə və proqramlarını təqdim etmək və peşəkarların diqqətini cəlb etmək üçün unikal imkan yaradılmışdı.
“BakuTel” sərgisi gənclər arasında böyük populyarlığa malikdir. Yerli mobil operatorlar “Bakı Ekspo” mərkəzinin pavilyonlarında əsl bayram təşkil etmişdilər. Onlar tərəfindən improvizə edilmiş səhnələrdə gənc estrada ifaçılarının çıxışları, “Avroviziya-2011” müsabiqəsinin qalibləri ilə foto-sessiya, ən müxtəlif lotereya oyunları, habelə müsabiqə və viktorinalar təşkil olunmuşdu.
“Azercell” şirkətinin stendində isə “Avroviziya-2012” mahnı müsabiqəsinə biletlərin ilk xoşbəxt sahibləri məhz “BakuTel” sərgisinin ziyarətçiləri oldular. Sərginin rabitə tərəfdaşı olan “Azerfon” şirkətinin təşkil etdiyi fleşmob’u isə “əyləncə proqramının” kulminasiya nöqtəsi adlandırmaq olar. Televiziya işçiləri və kompüter mütəxəssisləri də telefon operatorlarından geri qalmadılar. Belə ki, “B&B TV” şirkəti öz stendində 3D formatlı filmlərə baxış üçün mini-kinoteatr təşkil etmişdi. Sərginin baş sponsoru — “Microsoft” şirkətinin oyun zalında isə özlərini interaktiv oyunlarda sınamaq arzusunda olan ziyarətçilərin uzun növbəsi yaranmışdı.
Beləliklə, tam əminliklə demək olar ki, “BakuTel-2011” sərgisi əhəmiyyətli işgüzar tədbir olmaqla yanaşı, Bakı sakinlərinin və şəhərin qonaqlarının həyatında parlaq bir hadisəyə çevrildi.
Gələn il noyabr ayının 21-dən 24-dək sizin yolunuzu gözləyirik!




Şərhlər (0)
RSS yığmaq / açmaq